// Dünyada diasporların rolu necə dəyişir və biz bundan necə istifadə edə bilərik
M
üasir dünyada diaspor – hansısa xalqın tarixi vətənindən
kənarda yaşayan nümayəndələri demək deyil. Bu anlayış hələ “Tövrat”da rast gəlinən
mənasını çoxdan dəyişib. Hazırda diaspor
– beynəlxalq münasibətlərin aktoru, siyasi təsir mexanizmi, “yumşaq güc” və
iqtisadi potensial deməkdir. Uğurlu diasporun formalaşması prosesi dövlətlərin
inkişafı ilə paralel getməklə, qarşılıqlı təsir doğurur. Yəni tarixi vətən öz
diasporunun güclənməsinə dəstək olur, diaspor isə vətəninin. “Diaspor” anlayışı termin kimi siyasi-ictimai elmlərə XX
əsrin 50-60-cı illərində ABŞ-da daxil edilib. Bu kəlmə qədim yəhudilərin “qalut”
sözünün yunan dilinə tərcüməsindən yaranıb. Bibliya kontekstində “diaspor” mənfi
anlam daşıyır: onun məntiqinə görə, yəhudilər günahkar olduqlarından, Allah
onları cazalandıraraq, dünyaya səpələyib. Günümüzdə isə diaspor nəinki cəza
deyil, hətta Tanrının ən böyük lütfü də sayıla bilər. Böyük ingilis tarixçi-filosofu Arnold J.Toynbi “Tarixin
tədqiqi” adlı monumental əsərində (1972) yəhudi diasporunu dünya nizamının gələcəyi
kimi göstərərək yazırdı ki, qloballaşma şəraitində etnik qruplarla assosiasiya
olunan sosial strukturların əhəmiyyəti getdikcə artır. Son 50 ildə dünyada miqrantları sayı 3 dəfə çoxalıb. Əgər
1960-cı ildə planetdə 75,5 milyon miqrant vardısa, 2000-ci ildə onların sayı
176,6 milyona, 2009-cu ildə 213,9 milyona çatmışdı. BMT-nin hesabatına görə,
dünyada hər 35 nəfərdən, inkişaf etmiş ölkələrdə isə hər 10 nəfərdən biri beynəlxalq
miqrantdır.
Miqrantların artımı və onların dünyanın ümumi əhalisi ilə say nisbəti
Miqrantların
sayının belə kəskin artması onların təşkilatlanması ilə paralel gedir. Nəticədə,
olduqları ölkələrdə həyatın ən müxtəlif sahələrinə təsir imkanları qazanırlar.
İki evin övladları
Klassik diasporlar tarixi zərurətdən yaranırdı. Məsələn, yəhudilərin İudeyadan,
afrikalıların “Qara qitə”dən yad ellərə getmələri məqsədli miqrasiya deyildi. Amerikalı
sosioloq, diaspor tədqiqatçısı Rocers Brubeyker dövlətlərin dağılması və s. nəticəsində
məcburi yaranan diasporları “kataklizm diasporları” adlandırır. Əmək diasporlarından
fərqli olaraq, kataklizm diasporları geniş əraziyə yayılmır, kompakt yaşayırlar.
Britaniyalı sosioloq, professor Robin Kohen“Global diasporas: an introduction”(1997) kitabında diasporları yaranma səbəbinə görə dörd yerə bölür:
• “Məzlum” diasporlar (Yəhudi, Afrika, Erməni, Fələstin)
• Əmək diasporları(Hindistan)
• Ticarət diasporları (Çin)
• İmperiya diasporları(İngilis, Fransız, İspan, Portuqal)
19-cu əsrdən başlayaraq miqrasiya prosesləri məqsədli xarakter alanda (yeni həyat
qurmaq üçün “yeni dünya”ya köç) diasporlaşmanın mahiyyətcə fərqli dalğası
yarandı. İrland, İtaliya, Alman, Rus, Polşa, Şotland və digər diasporlar həmin
dalğanın nəticəsidir.
XX əsrin ikinci yarısında diasporlaşmanın mahiyyətcə yeni dalğası balşadı
XX
əsrin ikinci yarısında ABŞ başda olmaqla bir sıra ölkələrin miqrasiya qanunvericiliyinə
edilən dəyişikliklər isə diasporlaşma prosesinə tamam fərqli mahiyyət
qazandırdı. Bundan sonra hətta tarixən ənənəvi diasporlar formalaşdırmamış xalqlar
da “ikinci vətən” qazanmaq şansı əldə etdilər. Bu fürsətdən ən yüksək səviyyədə
yararlanan çinlilər və hindlilərdir.
Vacib bir nüansı qeyd etmək lazımdır: Xaricə köç hələ özlüyündə diaspor yaratmır.
Diaspora çevrilmək üçün milli identikliyin qorunub saxlanılması və bir sıra digər
şərtlərin ödənilməsi lazımdır. “Hələ diaspor deyil” vəziyyəti ilə “artıq diaspor
deyil” halının arasında çox incə bir zona var ki, orada qərar tutmağı bacarmaq gərəkdir.
Diaspor məsələlərini araşdıran ekspert, tarix elmləri üzrə fəlsəfə doktoru Zaur
Əliyev deyir ki,icma ilə diasporu fərqləndirmək lazımdır. Avropanın müxtəlif ölkələrində
- Hollandiyada, Avstraliyada türk icmaları var, öz həyatlarını yaşayır, bayramlar
keçirirlər... Amma bu, hələ diaspor demək deyil. Diaspor fəaliyyəti üçün hüquqi
təşkilat və informasiya resursu olmalıdır.
Zaur Əliyev: "Diaspor üçün ikili vətəndaşlıq məsələsini gündəmə gətirmək olar"
Digər
vacib şərt tarixi vətəni ilə əlaqələri saxlamaqdır. Əks halda diaspor tezliklə
identikliyini itirərək, əriyib gedəcək. Əlaqələr qaldıqca və gücləndikcə isə diaspor
tədricən olduğu ölkədə yeni siyasi brendə çevrilir.
Hazırda xalqının ən çox hissəsinin xaricdə yaşaması baxımından Qayana birinci (36,4%),
Bosniya və Herseqovina ikinci (34%), Albaniya üçüncü (30,7%), Suriya dördüncü (29,8%),
Yamayka beşinci (28,6%) yerləri tutular. Amma heç kim güclü Qayana, yaxud
Suriya, Yamayka diasporu haqqında eşitməyib. Demək, məsələ sayda deyil. Bəs nədədir?
Güclü diaspor yaratmaq üçün nə lazımdır? Hansı modellər, mexanizmlər tətbiq
edilə bilər?
Cavab üçün müasir dövrdə güclü diaspor yaratmağı bacarmış xalqların təcrübələrinə
baxmaq lazımdır.
“Huáqiáo”
Çindən kənarda yaşayan çinlilər bu cür adlandırılırlar.
Amma kəlməni sadəcə “miqrant” kimi tərcümə etmək düz deyil. Çin düşüncəsində vətəndaşlıq
əsas məsələ deyil, əsas olan nəsildir. Əgər sənin ulu baban Çində yaşayıbsa,
deməli, çinlisən. Ona görə də Çində miqrantları xaricdə yaşayan vətəndaşlar
kimi qəbul edirlər. Onlar nəsildən-nəslə öz dillərini, mədəniyyətlərini, adətlərini,
bir-biri və tarixi vətənləri ilə bağlarını qoruyub saxlayırlar.
Çin xaricdə oxumağa ən çox tələbə göndərən dövlətdir
Bir çox çinlilər müxtəlif ölkələrdə və sahələrdə böyük nailiyyətlər əldə ediblər. Məsələn, “Zoom”un qurucusu Yuan Jenq, “Yahoo”nun qurucusu Cerri Yanq, fizika üzrə Nobel Mükafatı laureatı Yanq Jenninq, ABŞ-ın 12-ci energetika naziri Stiven Çu və Sinqapurun əfsanəvi baş naziri Li Kuan Yu Çin diasporunun təmsilçiləridirlər.
Çinin yaratdığı “iqtisadi möcüzə”nin səbəblərindən biri də 50 milyonluq diasporla bağlıdır. Onun ən böyük qismi ASEAN ölkələrində yaşayır. Məhz onların tarixi vətənlərinə qoyduqları investisiyaların hesabına ASEAN ölkələrinin Çinə yatırımları (təxminən ildə 80 milyard dollar) Çinin həmin ölkələrə sərmayəsindən (30 milyard) iki dəfə yarımdan artıq çoxdur.
Azərbaycandakı Konfutsi İnstitutunun direktoru Vanq HaoqyanqAzVision.az üçün yazdığı məqalədə qeyd edir ki, Çin diasporu ölkənin inkişafında əsasən dörd baxımdan mühüm rol oynayır:
• Çin mədəniyyətini xaricdə təbliğ edir.
• İnvestisiyaların və ticarətin inkişafına töhfə verir.
• Çindəki ali təhsilin inkişafında fəal iştirak edir.
• Siyasi baxımdan Çinin siyasətini təbliğ edir.
Ekspert Çin diasporunun uğurunu əsasən 5 amildə görür: Əla təhsil, çalışqanlıq, yaxşı tərbiyə, novator ruhu, mehribanlıq. Bu amillər bir-birinə qarşılıqlı təsir göstərərək, çinlilərin xaricdə uğur qazanmasına imkan yaradırlar.
Onun dediyini rəqəmlər də təsdiqləyir: Bu gün Çin ABŞ-a ən çox tələbə göndərən ölkədir (ildə 330 min). Onlar riyaziyyat, tibb, mühəndislik kimi ixtisaslar üzrə təhsil alırlar. ABŞ-dakı Çin miqrantlarının yarıdan çoxunun ali təhsili var. 32 milyon səfir 1990-cı illərin əvvəllərində “Silisium vadisi”ndəki proqramçıların 30%-dən çoxu hindistanlılar idi. Məhz onlar – Suhas Patil(“Cirrus Logic”), Vinod Hosla (“Sun Microsystems”), Sabir Hatia ("Hotmail") və başqaları ABŞ-da texnoloji inqilabın baş verməsində böyük rol oynamışdılar. Bu dəfə tamam ayrı model özünü göstərir: “Banqalor fenomeni”.
Banqalor - Diasporun sayəsində yüksələn şəhər
Hindistanın Karnatak ştatında yerləşən
Banqalor 90-cı illərdə 10 milyon əhalisi olan bir şəhər idi. Kaliforniyanın
“Silisium vadisi” ilə əlaqələr qurulandan sonra Banqalor sürətlə inkişaf etməyə
və dəyişməyə başladı. Hazırda Banqalor dünyanın ən dinamik inkişaf edən şəhəri
sayılır; orada 1,5 milyon insan yüksək texnoloji sahədə çalışır, 700-dən çox nəhəng
yerli və qlobal şirkətin burada qərargahı var, Karnatak ştatının yüksək
texnoloji ixracatı isə ildə 45 milyard dollar təşkil edir. Bu, diasporun öz vətəninə
investisiya cəlb etməsinin ən parlaq örnəklərindən biridir. Hindistandakı Mahatma Qandi adına Mərkəzi
Universitetin dosenti, fəlsəfə elmləri doktoru Aslam Xan “AzVision”a bildirib ki, bu gün Hindistan diasporu dünya siyasətində mühüm amillərdən biridir. Çünki
o, təkcə dünyanın ən böyük diasporu deyil, həm də aparıcı siyasi və iqtisadi
qüvvədir. - Xaricdə yaşayan 32 milyon hindlinin ən böyük
diasporu ABŞ-dadır (4,5 milyon), ikinci yerdə isə Səudiyyə Ərəbistanı (4,1
milyon) gəlir. Dünya Bankının hesabatına görə, Hindistan hər il təxminən 100
milyard dollar pul köçürmələri alır. 2021-22-ci maliyyə ilində Hindistan 84,835
milyon dollarlıq investisiya əldə edib. Aparıcı investor ölkələr olan Sinqapur,
Mavriki, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Hollandiya və Yaponiyada böyük hind
diasporları var,- Aslam Xan deyib. Ölkənin Ticarət və Sənaye naziri Piyuş Qoyal
Hindistan diasporunu tarixi vətənlərini dünyanın üçüncü ən böyük iqtisadiyyata
çevirmək üçün səy göstərməyə çağırıb və xaricdə yaşayan soydaşlarını “Hindistan
səfirləri” adlandırıb. Hindistan diasporu həm də müəyyən iqtisadi güc
qazanandan sonra siyasi təsir imkanlar əldə etməyin parlaq nümunəsidir. Bu gün
Surinam, Trinidad və Tobaqo, Qayana, Fici və Mavrikidə dövlət başçıları hind əsillidirlər.
Böyük Britaniyada hindlilər əksər peşəkar sektorlarda təmsil olunan ən böyük
etnik azlıqdır. Rişi Sunakın Böyük Britaniyanın baş naziri vəzifəsinə yüksəlməsi
unikal tarixi hadisədir. Hazırda Britaniya parlamentində 15 hind deputat var:
Qaqan Mohindra, Kler Kutino, Nadia Vittom, Navendu Mişra, Priti Patel, Alok
Şarma, Sanjoy Sen... Kanadada Harcit Sajan müdafiə naziri, Navdip
Bens elm və sənaye naziri, Bardiş Çaqqar müxtəliflik və gənclərlə iş üzrə
nazir, Anita Anand isə milli müdafiə naziridir.
Hind diasporunun ən geniş yayıldığı ölkələr
ABŞ-dakı siyasi partiyalar - istər
Respublikaçılar, istərsə də Demokratlar hind diasporuna ciddi qüvvə kimi
baxırlar. Kamala Harrisin Co Baydenin komandasında vitse-prezident postunu
tutması bunun daha bir təsdiqidir. Ro Hanna, Nikki Haley və Vivek Ramasvami
kimi Hindistan əsilli amerikalılar 2024-cü ildə ABŞ-da keçiriləcək prezident
seçkiləri kampaniyasında fəal iştirak edirlər. Yaxın Şərqdəki Hindistan diasporu Delhi ilə
region ölkələri arasındakı münasibətlərə böyük təsir göstərir. Körfəz ölkələri
Hindistanın ən böyük ticarət tərəfdaşıdırlar. Hindistanın təcrübəsi ixtisaslı diasporun
müasir dünyada hansı möcüzəni yarada biləcəyinə dair ən yaxşı nümunələrdən
biridir. Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə
VahidqızıAzVision.az -a müsahibəsində təsdiqləyir ki, diasporla bağlı müzakirələrdə
artıq dünyada işçi köçü dövrünün başa çatdığı, elmi potensialın, sahibkarlıq
ideyalarının transferi dövrünün başladığı bildirlir. Yəni duyğulu köç hekayələri
dinləmək deyil, diasporun qlobal uğur hekayələrini yazmaq vaxtı yetişib. “Bu isə
diaspora yanaşmaların tamamilə dəyişdiyini və onlarla əlaqələrin yaradılması,
xaricdə yaşayanların öz vətənləri üçün daha faydalı işlər görməsi üçün yeni
platformaların qurulmasının vacibliyini önə çıxarır”,- Dövlət Komitəsinin şöbə müdiri vurğulayıb.
Hər şey vətən üçün Diasporun vətənə köməyi heç də təkcə Çin və
Hindistan üçün xarakterik deyil.
İrlandiyanın iqtisadi yüksəlişində ABŞ-da yaşayan 32 milyonluq diasporun
çox böyük təsiri olub. Buna nail olmaq məqsədilə İrlandiya hökuməti insan
kapitalının xaricə axınını (“brain drain”) qazanca çevirmək üçün (“brain gain”)
xüsusi proqram həyata keçirmişdi. Diaspor məsələləri üzrə ekspert, tarix üzrə fəlsəfə
doktoru Yəhya Babanlının sözlərinə görə, diaspor öz xalqı ilə vahid orqanizm təşkil
edir. Əgər bu orqanizmə düzgün yanaşılırsa, düzgün ideologiya və strategiya
qurulursa, o, uğurla iki ölkə arasında vasitəçilik missiyasını həyata keçirəcək.
Yəni yaşadığı cəmiyyətdə iştirakçı-aktor kimi öz Vətəni ilə əlaqə yaradıb, onu
təmsil edəcək. - Müasir çin, polyak, hətta bizə qardaş
xalqlar olan qazax və qırğız disaporlarına investorlar kimi nəzər salsaq, bir qədər
geridə qaldığımızı görərik. Məsələn, 2009-cu ildə Qırğızıstan hökuməti tərəfindən
Rusiyada olan qırğız iş adamlarının və onların tərəfdaşlarının böyük bir sərgi-görüşü
keçirildi. Onların Qırğızıstana investisiya yatırmaları təşviq edildi.
Qazaxıstanın 2005-ci ilə aid dövlət proqramında “Ol-orman” deyilən layihə var.
Onlar həmin proqram çərçivəsində investisiyaların gətirilməsinə fokuslanmış
layihə həyata keçirmişdilər. Azərbaycan diasporu bu gün inkişaf edir və yüksəlişə
doğru addımlar atır, amma iqtisadi səmərəliliyi görə bilmirik,- Yəhya Babanlı
bildirib.
Yəhya Babanlı: “Diaspor və xalq vahid orqanizm təşkil edir”
Kapital çox ehtiyatla
hərəkət edir. Bir ölkəyə yatırım qoyulması üçün bəzi şərtlərin, ilk növbədə ora
inamın və güvənin olması vacibdir. Bəs ölkəyə ən çox kim inana və güvənə bilər?
Əlbəttə, öz övladları! Türkiyədə son vaxtlar bunun nümunəsini görürük. Qərbdə
Türkiyəyə qarşı aparılan təbliğata rəğmən, türk əsilli iş adamları ölkəyə ciddi
sərmayə yatırırlar. Amma əlbəttə ki,
diaspor təkcə öz tarixi vətənini düşünməməli, yaşadığı ölkənin istər
iqtisadi-sosial, istərsə də ictimai-siyasi həyatında mütləq fəal rol oynamalı,
yerli xalqın rəğbətini, inamını, etibarını qazanmalıdır. Müəyyən müddətdən
sonra diasporun adı hansısa sahələrlə assosiasiya olunmağa başlayır: məsələn,
“yəhudi” deyəndə ağla maliyyə, “hindli” deyəndə yüksək texnologiya gəldiyi
kimi... Buna ən yaxşı misal
Amerika yəhudiləridir. Siyasi elmlər üzrə fəlsəfə doktoru Moisey Bekker
AzVision.az üçün yazdığı məqalədə göstərir ki, 1950-ci illərə qədər ABŞ
Konqresində bir yəhudi də yox idi. İndi Konqresdə 30, Senatda 13 yəhudi var.
ABŞ-ın tarixi boyunca yəhudi icmasının 31 nümayəndəsi nazir olub, 20 yəhudi
diplomatik və inzibati vəzifələrdə çalışıb, 28-i qubernator seçilib. ABŞ-da işləyən
yəhudi əhalisinin 60%-i yüksək əmək haqqı alan və ixtisaslı işlə məşğul olan
insanlardır. ABŞ yəhudilərinin yalnız 5%-i yoxsulluq həddinin altında yaşayır. Azərbaycan diasporu:
Model axtarışında Bu gün Almaniyada
sanballı türk diasporu mövcuddur. Onların bir çox sahələrdə ciddi mövqeləri
olsa da, parlamentdə o qədər də geniş təmsil oluna bilmirlər. Buna səbəb nədir? - Çünki hələ
yunanların, ermənilərin, yəhudilərin, hindlilərin keçdiyi mərhələni keçməlidirlər,-
deyə CBC telekanalının “Xarici münasibətlərin aspektləri” verilişinin
aparıcısı, siyasi şərhçi Teymur Atayev AzVision.az-a bildirib.- Diaspor üçün
vaxt əhəmiyyətli amildir. Artıq görürük ki, Almaniyada türkləri tədricən özlərininki
kimi qəbul edirlər. Türk soyadları yavaş-yavaş üzə çıxır, xüsusən də
jurnalistika sahəsində.
Teymur Atayev: “Diaspor quruculuğu pilləkənləri qalxmağa bənzəyir. Asan iş deyil”.
Türkiyəlilər Qərb ölkələrinə ötən əsrin 60-cı
illərində köçməyə başlayıblar, azərbaycanlılar isə 90-cı illərin ikinci
yarısından. Əvvəlcə Azərbaycandan xaricə daha çox yəhudilər gedib. Bu gün onları da müəyyən
mənada bizim diasporumuz və lobbimiz saymaq olar. Bu amil – yəni qardaş diasporlarla sıx əlaqələr
Azərbaycan diasporunun sürətli inkişafına dəstək verə bilər. Diasporun inkişaf
etməsi, möhkəmlənməsi və proseslərə təsir göstərə bilməsi üçün onillərlə ölçülən
vaxt lazımdır. Türkiyənin Ege universitetinin professoru, beynəlxalq məsələlər
üzrə ekspert Mehmet Yücə bu vaxtı azaltmaq üçün maraqlı təklif irəli sürür:Türk xalqlarının diaspor fəaliyyətlərini birləşdirmək. Onun sözlərinə görə, Türkiyə başda olmaqla
türk dövlətlərinin diasporları ilə əlaqələndirmə mexanizmini inkişaf etdirmək
lazımdır. “Türk dünyası-2040 vizionu” proqramında bu məsələdə son dərəcə xoş
bir iradə ortaya qoyulub.
Mehmet Yücə: "Diasporun intellektual imkanlarından da yararlanmaq lazımdır"
Tarixi vətəninə dəstək olmaq, onun inkişafı üçün çalışmaq, maraqlarını təmsil
etmək ilk növbədə diasporun özünə lazımdır. Çünki bu zaman diaspor identikliyini qorumaqüçün formada
qalır, öz etnik kimliyini uğurlu vizit kartına çevirir. Bunun əksi
assimlyasiyadır.
Təmsil etdiyi ölkənin imici elə
diasporun imicidir. Ona görə də diaspor yaşadığı ölkədə Vətəninin
imicinin yaxşı olması üçün çalışmalı, bunu öz obrazının bir elementi kimi qəbul
etməlidir. Bu, tarixi vətən ilə diasporun maraqlarının birləşdiyi əsas məxrəclərdən
biridir.
Əlbəttə, konkret olaraq hansısa xalqın təcrübəsini model kimi götürüb, “biz də
bu yolla gedək” demək effektli ola bilməz. Hərənin özünə, öz xarakterinə uyğun
yolu tapması
lazımdır. Amma deyilənləri ümumiləşdirsək, Azərbaycan
diasporunun uğur reseptində nələrin olmalı olduğu aydındır:
• Savadlı fərdlər,
•Vətənlə davamlı, qırılmaz əlaqələr,
•Olduğu ölkənin mədəni, sosial, ictimai, siyasi həyatında aktiv iştirak
• Hər iki “ev”inin maraqlarına səmimi xidmət etmək.
Bu reseptə əməl etmək ilk növbədə diasporun özünə lazımdır – identikliyini
saxlayaraq inkişaf edə bilmək üçün. Təbii ki, Vətəni də bunda ən azı diaspor qədər
maraqlıdır. Ona görə də bu reseptin həyata keçirilməsi üçün xaricdəki
övladlarına dəstəyini əsirgəməməlidir. Nəticə özünü çox gözlətməyəcək.